Məzmuna keç
nature.az
MƏQALƏ · 13.08.2008

Xəzərin tarixi

8 342
V Vadim · 13 avqust 2008 əlavə edildi

Xəzər dənizi haqqında ilk məlumatlara Assuriyanın paytaxtı Ninevia şəhərində aparılan qazıntılar zamanı tapılmış qədim gil lövhələrdə (e.ə. IX əsr) rast gəlinir. Orada o, "böyük şərq dənizi" adlandırılır. Bir neçə əsr sonra Xəzər dənizi haqqında məlumatlar antik dünyanın coğrafiyaşünaslarının və yazıçılarının əsərlərində verilir. "Yerin təsviri" əsərinin müəllifi – "coğrafiyanın atası" Miletli Hekatey (e.ə. 546-480-ci illər) onu Hirkan dənizi kimi təsvir edirdi. Herodot e.ə. V əsrdə ilk dəfə onun heç bir dənizlə əlaqəli olmadığını ehtimal etmişdir, halbuki o dövrün bir çox alimləri Xəzəri Dünya okeanının şimal körfəzi hesab edirdilər; onların təsəvvürünə görə, bu okean o zaman məlum olan bütün quruyu əhatə edirdi. Aristotel (e.ə. 384-322-ci illər) əmin idi ki, Hirkan dənizi yeraltı axınlarla Pont Evksinski (Qara dəniz) ilə əlaqəlidir. Xəzərin digər dənizlərlə əlaqəsinin öyrənilməsi ilə yürüşləri zamanı Makedoniyalı İskəndər də məşğul olmuşdur. Hələ e.ə. 323-cü ildə o, dənizçi Patroklu Xəzər dənizinin sahillərini tədqiq etməyə göndərmişdir. Patrokl Qaraboğazgöl körfəzinə qədər gedib çatmış və onu Xəzəri okeanla birləşdirən çayın mənsəbi hesab etmişdir. Qədim dövrün məşhur coğrafiyaşünası Strabon özünün "Coğrafiya" kitabında Xəzəri paralel boyunca qərbdən şərqə uzanmış şəkildə təsvir edirdi. Çoxcildlik "Təbii tarix" əsərinin müəllifi Böyük Pliniy (27-29-cu illər) dənizin bir xüsusiyyətini – çoxlu adlarının olmasını qeyd etmişdir ki, bunlardan ən məşhurları Xəzər və Hirkan adlarıdır.

Antik müəlliflərin əsərləri ilə tanış olan ərəb alimləri Xəzər dənizi haqqında bilikləri genişləndirdilər. Əl-Xarəzmi (IX əsr), əl-İstəxri, əl-Məsudi (X əsr), Həmid əl-Qərnati (XII əsr), Yaqut Həməvi, Zəkəriyyə əl-Qəzvini və başqalarının əsərlərində sahil şəhərləri və ölkələri, dənizə tökülən çaylar, adalar, Bakıda çıxarılan neft haqqında məlumatlar var. Ticarət əlaqələrinin canlanması avropalıların Yaxın Şərq və Orta Asiya haqqında təsəvvürlərini xeyli inkişaf etdirdi. Orta əsrlərdə Xəzər dənizi haqqında məlumatlara fars, türk, Avropa səyyahlarında rast gəlinir. Məsələn, Xəzərin təsviri məşhur səyyah Marko Poloda (XIII əsr) var. Dənizçi Avraam Kreksin "Kataloniya xəritəsi" (1378-ci il) vaxtilə Fransa kralı VI Karla (Dəli) göndərilmiş və Luvrda nümayiş etdirilmişdir. Tver tacirləri ilə birlikdə Hindistana səyahəti zamanı Xəzərdə olmuş Afanasi Nikitin (XV əsr) bu səyahəti özünün "Üç dəniz arxasına səyahət" əsərində təsvir etmişdir. Xəzər dənizinin ətraflı, lakin tam dəqiq olmayan xəritəsi alman alimi və səyyahı Adam Olearius tərəfindən tərtib edilmişdir (1674-cü il). I Pyotrun Xəzər yürüşləri ilə əlaqədar rus hidroqrafları tərəfindən ətraflı dəniz xəritələri tərtib edilmişdir. XVIII əsrin əvvəllərindən Xəzər dənizi akvatoriyasının tədqiqatları sistemli və hərtərəfli xarakter almışdır.

Min illik tarixi ərzində Xəzər dənizinin təxminən 70 adı olmuşdur. Onun sahillərində yaşamış çoxsaylı xalqlar onu hərəsi öz bildiyi kimi adlandırırdı. Belə ki, antik müəlliflər Xəzər dənizini sahil ölkəsi Hirkaniyanın (Canavarlar ölkəsi) adı ilə Hirkan, ərəblər isə şimal-qərb sahilində yaşamış, iudaizmə etiqad edən türk xalqı xəzərlərin adı ilə Xəzər dənizi adlandırırdılar. Yeri gəlmişkən, bu ad indiyədək müasir Azərbaycan, türk və fars dillərində işlənir. Abşeronun atəşpərəstləri Xəzəri Varqana və Çekaet-De-ti dənizi, ərəblər – Cürcan, çinlilər – Sixay (yəni Qərb dənizi), iranlılar – Kolzum, hindlilər – Vorukaşa, türkmənlər – Kukkuz, qazaxlar – Atırau, türklər – Küçük-Dəniz, tatarlar – Ak-Dəniz adlandırırdılar. Türk mənbələrində "Ak-Dəniz" həm Ağ dəniz, həm də Böyük dəniz kimi başa düşülür. Monqollar Xəzəri Çağan-nor adlandırırdılar ki, bu da Ağ dəniz, göl deməkdir. Ruslar onu "Göy dəniz", sonra isə Xvalın və ya Xvalis dənizi adlandırırdılar. Qədim rus dilində Xvari (Xarəzm) Xvali kimi tələffüz olunurdu. Xəzər dənizi "Xvalın dənizi", yəni Xarəzm dənizi adlanırdı. Qonşu ölkələrin və şəhərlərin adına görə dəniz Saray (Qızıl Ordanın paytaxtı), Təbəsəran, Alban, Dərbənd, Şamaxı, Abşeron, Şirvan, Salyan, Muğan, Abeskun, Xorasan, Gilan, Mazandaran, Türkmən, Avar, Fars, Deylən, Qurqan dənizi adlanırdı. Digər mənbələrdə o, Yadellilər dənizi, Bakuk, Kunqar, Torm, Sirsap, Eren, Vrakan, Quzqun, Pəhləvi, Sarey, Dorsa, Kemrut, Qızılbaş dənizi (farsları saçlarını həna ilə boyamaq adətinə görə qızılbaş adlandırırdılar), Etil dənizi adlandırılmışdır, çünki Etil (İtil) Xəzər dənizinə tökülən Volqadır; fars mənbələrində həmçinin Qurqan, Şizir, Gürzüm, Bab dənizi və başqa adlara da rast gəlinir.

1453-cü ildə II Mehmet tərəfindən Konstantinopol alındıqdan sonra Avropa tacirləri Osmanlı imperiyasından yan keçməklə Şərqlə ticarətin yeni yollarını axtarmağa başladılar. Bu vaxtdan etibarən Avropadan Azərbaycana əsas yol Rusiya vasitəsilə Volqa-Xəzər yolu oldu. Bakının bu yol üzərində liman kimi əhəmiyyəti ondan görünür ki, XV əsrdən başlayaraq müxtəlif orta əsr müəlliflərində Bakı dənizi adına rast gəlinir və onlar bu adla Xəzər dənizini nəzərdə tuturdular.

Xəzər öz müasir adını e.ə. II minillikdə Kürün sağ sahilində, dənizin yaxınlığında yaşamış qədim tayfaların – kaspilərin adından almışdır.
http://www.window2baku.com/Caspian/caspianmap.htm

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.