Məzmuna keç
nature.az
MƏQALƏ · 25.02.2008

Şimal-qərb marşrutu: Şamaxı

9 497
S sazan · 25 fevral 2008 əlavə edildi

ŞAMAXI RAYONU - qədim ŞİRVANIN mərkəzi, - keçmiş Şirvanşahlar dövlətinin - Azərbaycanın tarixi bölgəsinin. O, Böyük Qafqazın cənub-şərq dağətəyi ərazilərində yerləşir. Rayonun əsas hissəsinin iqlimi mülayim-istidir, yayı quraq keçir. Landşaft dəyişkəndir, - çöllər dağətəyi çəmənliklərlə, meşələrlə əvəz olunur və dəniz səviyyəsindən nə qədər yuxarı qalxsan, payız bir o qədər sərin olur, qışda qar daha uzun müddət qalır. Amma ümumilikdə rayonda iqlim mülayimdir, torpaq münbitdir, flora və fauna zəngindir. Burada cüyür, çöl donuzu, meşə pişiyi, tülkü, canavar, ayı, çoxlu quş yaşayır. Vələs, fıstıq, palıddan ibarət enliyarpaqlı meşələr, yazda al laləylə örtülən çəmənliklərin yaşıllığı göz oxşayır. Rayonun ərazisində 50-dən çox dərman bitkisi növü var.

Şamaxı rayonu Azərbaycan üzümçülüyünün ən böyük mərkəzidir. Şamaxı şərabları təkcə yerli bazarda məşhur deyil, çoxdandır ki, beynəlxalq sərgilərdə medal və diplomlar qazanır.

Bu region paytaxt sakinlərinin, turistlərin, idman turizmi həvəskarlarının sevimli istirahət yeridir. Piyada yürüşlərə üstünlük verənlər buradan QUBA və İSMAYILLI şəhərlərinə ekskursiyalar edirlər. Ekoturistlər və sadəcə səyahət həvəskarları CANGİ MEŞƏSİNƏ baş çəkməyə can atırlar; orada yabanı alma, armud, alça bitir, meşənin kənarında, dərənin yanında isə kükürdlü bulaqlar qaynayır. Dağ kəndlərində məşhur "ŞİRVAN", "ŞAMAXI", "İSRAFİL", "ARCİMAN" xalçaları toxunur.

Şamaxı rayonunda maraqlı yerlər çoxdur. PİRSAAT çayının sağ sahilində Rusiyadan gəlmə malakanların yaşadığı ÇUXURYURD qəsəbəsi yerləşir. Onlar dadlı günəbaxan yağı, xüsusi üsulla duzlanmış tərəvəzləri, paytaxta dağ balı, tərəvəz və meyvə göndərmələri ilə məşhurlaşıblar. QIRX BULAQ ("qırx bulaq") adlanan yerdə çoxlu bulaq suyu qaynayır. MƏLHƏM kəndinin yaxınlığında müalicəvi xüsusiyyətləri ilə tanınan məşhur mağara yerləşir.

Bu kənddə 12-ci əsrdə Şərqdə tanınmış şair ƏFZƏLƏDDİN XAQANİ anadan olub. Ümumiyyətlə, bu diyar şairləri, filosofları, memarları ilə şöhrət qazanıb, - SEYİD ƏZİM ŞİRVANİ, NƏSİMİ, SABİR, HACI ZEYNALABDİN ŞİRVANİ, MƏHƏMMƏD ŞİRVANİ, ƏZİM ƏZİMZADƏ, ABBAS SƏHHƏT, HƏMİDİ ŞİRVANİ, FƏLƏKİ ŞİRVANİ ("şirvani" sözünün tez-tez təkrarlanması qədim şərq ənənəsindən gəlir - şöhrət qazandıqdan sonra doğulduğu və ya tanınmış müəllimlərdən təhsil aldığı yerin adını soyad kimi götürmək).

Dəniz səviyyəsindən 1400 metr hündürlükdə, PİRQULU qəsəbəsinin yanında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) yerləşir. Keçmiş SSRİ-nin ən iri teleskoplarından birincisi məhz burada quraşdırılıb. Vaxtilə rəsədxananın təşkilinə Azərbaycan EA-nın ilk prezidentlərindən biri, Azərbaycan neft kimyasının banisi alim Yusif Məmmədəliyev çox əmək sərf edib. Minnətdar alimlər ŞAR-ın ərazisində ona abidə ucaldıblar. Paytaxt məktəbliləri isə Tusi adına ŞAR-ın böyük teleskopuna ekskursiyanı həmişə səbirsizliklə gözləyirlər. Xüsusilə qışda qarsız Bakıdan bura gəlməyə can atırlar, - həm də Pirquluda kifayət qədər uzun qalan qarla oynamaq üçün. Yayda isə yerli sakinlər istəyənlər üçün at gəzintiləri təşkil edirlər.

Rayonun tarixi abidələri: CÜMƏ MƏSCİDİ (8-19-cu əsrlər); PİRMƏRDƏKAN türbəsi (13-14-cü əsr); ŞAHXANDAN türbəsi (17-ci əsr); 7 türbədən ibarət YEDDİ GÜMBƏZ KOMPLEKSİ (18-ci əsr); eyniadlı dağ kəndinin yanında əfsanəvi QALAYİ-BUĞURD qalasının xarabalıqları (12-16-cı əsrlər), - qala sanki sıldırım qayaya yapışıb. Şirvanşah Şahrux fars qoşunlarının hücumunu mərdliklə dəf etdiyi GÜLÜSTAN qalası (8-15-ci əsrlər), - qalanın içində onun sarayı və unikal su təchizatı sistemi qorunub saxlanılıb: müdafiə divarlarına su çatdıran gizli su kəməri, suyun saxlanması üçün daş hovuzlar, su qülləsi.

Rayonun ərazisində "Pirqulu" qoruğu yerləşir. O, 1968-ci ildə yaradılıb və sahəsi 1521 ha olan üç hissədən ibarətdir; bunun 1362 ha-nı dəniz səviyyəsindən 8000-2000 m hündürlükdə olan meşələr tutur. Qoruğun florasında 45 nadir və endemik bitki növü var, onların çoxu Qırmızı kitaba daxil edilib.

ŞAMAXI ŞƏHƏRİ - rayonun inzibati mərkəzi, əhalisi - 83 min nəfər, Bakıdan uzaqlığı - 120 km.

Bir vaxtlar Şamaxı (şəhərin qədim adları - "Şarvan", "Aşşmax", "Şirvan", "Şah-Max") Şirvanın - Abbasilər sülaləsinin zəifləməsindən sonra 8-ci əsrdə daha bir neçə kiçik dövlətlə birlikdə yaranmış Şirvanşahlar dövlətinin paytaxtı olub. Şəhərin şanlı, lakin faciəli tarixi var, - onu dəfələrlə dağıdıblar. Təkcə işğalçılar yox, zəlzələlər də, çünki bura yüksək seysmik bölgədir. 1191-ci ildə ELDƏNİZLƏR Atabəylər sülaləsindən Qızıl Arslan şəhəri tutub dağıdanda, şirvanşah I Axsitan paytaxtını müvəqqəti olaraq Bakıya köçürdü. 1501-ci ildə isə həm Şamaxı, həm də Bakı Şah İsmayıl Səfəvi tərəfindən tutuldu. 37 il sonra Şirvan dövlət kimi mövcudluğunu itirdi və Təhmasib Səfəvi Səfəvilər dövlətini yaratdı. Sonra Şamaxı Səfəvilərin Osmanlı türkləri ilə müharibələrində dəfələrlə dağıdıldı. Təkcə insanlar həlak olmurdu, - memarlıq abidələri, kitablar da məhv edilirdi...

Amma şamaxılılar şəhəri bərpa edib həyatı yenidən qurmağa həmişə özlərində güc tapıblar. Azərbaycanda olmuş Aleksandr Düma Şamaxı haqqında yazırdı ki, şəhərin sakinləri sabah sağ qalıb-qalmayacaqlarını heç vaxt deyə bilməzlər. Hazırda Şamaxı ətrafında çoxlu qədim abidə qorunub saxlanılıb.

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.