Məzmuna keç
nature.az
MƏQALƏ · 25.02.2008

Şimal-qərb marşrutu: Balakən

9 266
S sazan · 25 fevral 2008 əlavə edildi

BALAKƏN rayonu Azərbaycanın şimal-qərbində yerləşir, cənubda və qərbdə Gürcüstanla, şimalda və şərqdə isə Rusiya ilə həmsərhəddir. Rayonun relyefi təzadlıdır - dağlar düzənliklərlə əvəzlənir. Düzənliklərdə iqlim quru qışlı mülayim-istidir, dağətəyi ərazilərdə yağıntıların bərabər paylandığı mülayim-isti, dağlarda isə rütubətli qışlı soyuq iqlimdir (orta illik rütubət səviyyəsi - 40%-dən çox).

Burada çoxlu dağ çayları, KATEX dağının yaxınlığında gözəl göl var, şimalda ərazi meşələrlə örtülüdür. ZAQATALA qoruğunun ərazisinin yarıdan çoxu Balakən rayonunun payına düşür. Qoruq 1929-cu ildə yaradılıb, Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir, dəniz səviyyəsindən hündürlüyü 650-dən 3946 m-ə qədərdir, ərazisi - 23843 ha. Bitki örtüyünün xarakterinə görə qoruğun ərazisini dağ-meşə (67,4%) və dağ-çəmən hissələrinə ayırmaq olar. Florası mindən çox növü, o cümlədən nadir növləri əhatə edir (vələs, qızılağac, palıd, qoz, şabalıd, akasiya, 30-dan çox dərman bitkisi növü). Faunası zəngindir - xüsusilə bu regionda Qafqaz tetrasının olmasını qeyd etmək olar.

Rayon ərazisində çoxlu tarixi və memarlıq abidələri qorunub saxlanılıb. Arxeoloqlar erkən dəmir dövrünə aid çoxlu qədim düşərgə aşkar ediblər. Məsələn, yaxınlıqda, MAHAMALAR kəndindən iki kilometr aralıda - GÜBƏK qayasının yanında erkən dəmir dövrü düşərgəsinin izləri olan NOXO mağarası; KÜP qəbri (e.ə. 2-1-ci əsrlər); PİR və YAŞAYIŞ TİKİLİLƏRİNİN xarabalıqları (5-8-ci əsrlər), 18-ci əsrə aid MƏSCİD, 19-cu əsrə aid QÜLLƏ, QALA divarları - elə orada, MAHAMALAR yaxınlığında.

GÜLLƏR kəndində yeraltı SU ANBARI və 18-ci əsrə aid MƏSCİD; TÜLÜ kəndində 14-cü əsrə aid TÜRBƏ; HƏNİFƏ kəndində 14-cü əsrə aid MƏBƏD; XALATALA kəndində 16-cı əsrə aid MƏSCİD; HƏNİFƏ və MAZIMÇAY kəndlərində ALBAN MƏBƏDLƏRİ; GÜLLƏR kəndində, GÜMBƏZ çayının sahilində PƏRİ qülləsi (12-ci əsr). MƏKLƏKƏN dağında erkən orta əsrlərə aid ŞƏHƏR YERİ qalıb.

BALAKƏN ŞƏHƏRİ - Balakən rayonunun inzibati mərkəzidir. Əhalisi - 85300 nəfər, Bakıdan uzaqlığı - 394 km. Şəhərdə qeyri-adi dərəcədə hündür minarəsi olan 17-19-cu əsrlərə aid maraqlı bir məscid qalıb. Diyarşünaslıq muzeyində bu regionun ənənəvi sənətkarlıq məmulatları, onun hələ neolit dövründə məskunlaşdığını sübut edən müxtəlif arxeoloji tapıntılar və diyarın hadisələrlə zəngin tarixini izləməyə imkan verən digər eksponatlar toplanıb.

Burada mis məmulatların hazırlanması, şəbəkə (pəncərələr üçün naxışlı taxta barmaqlıqlar), ağac üzərində oyma, dulusçuluq kimi sənətlər inkişaf etmişdi. Həmçinin Azərbaycan üçün nadir olan özünəməxsus tikmə növü - TƏKƏLDÜZ ("zəncirvari tikiş") - tünd fonda ipək sapla işlənmiş parlaq, fantastik naxışlar.

Balakəndə sahəsi 7,5 ha olan böyük şəhər parkı var, şəhərdə gəzintidən sonra orada dincəlmək olar.

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.