Məzmuna keç
nature.az
MƏQALƏ · 25.02.2008

Qərb marşrutu: Hacıqabul

9 631
S sazan · 25 fevral 2008 əlavə edildi

Rayonun əhalisi - 60 min nəfər; rayon mərkəzi, Hacıqabul şəhəri - 22 min nəfər.

HACIQABUL RAYONU Kür-Araz ovalığında bərəkətli diyar olan qədim Muğanın bir hissəsini tutur. İqlimi yarımsəhra iqlimidir, quru, isti, mülayim qışlıdır. Qışda havanın temperaturu müsbət 6 dərəcədən aşağı düşmür. Yağıntı az düşür. Buna baxmayaraq, KÜR çayının axarı boyunca tuqay meşələri və kolluqlar olan sahələr var.

Rayonda müəyyən geoloji dövrdə Xəzər dənizinin təbii çəkilməsi nəticəsində yaranmış HACIQABUL gölü var. Kürün yaz daşqınları gölün su hövzəsini genişləndirib, indi isə göl Əlibayramlı DRES-in isti sularını da qəbul edir. Gölün dərinliyi azdır - 5 metr, qışda donmur. Göl köçəri quşların qışlama yeri, su-bataqlıq quşlarının yuvalama yeri kimi böyük əhəmiyyət daşıyır, onların çoxu nadir, nəsli kəsilməkdə olan növlərə aiddir.

Burada xalçaçılıq inkişaf etmişdi. Şirvan məktəbinə aid "Sarı xalça" tipli əl xalçaları toxuma ənənəsi bu günə qədər qorunub saxlanılıb.

HACIQABUL şəhəri rayonun inzibati mərkəzidir. Bakıdan məsafəsi - 113 km. Şəhərin adı tərcümədə "Uca Allah həccini qəbul etsin" deməkdir. Həcc - müsəlmanların müqəddəs yerlərinə, Məkkə və Mədinəyə ziyarətdir. Həcci yerinə yetirən insan "hacı" fəxri adını alır və bu ad onun adına ön şəkilçi kimi qoşulur. Həcc, mahiyyət etibarilə, Uca Allahdan mərhəmət diləmək, müxtəlif nəzirlər və s. daxil olmaqla mənəvi anlayışlar kompleksidir. Buna görə də şəhərin adı onun təkcə tacir karvanlarının deyil, həm də həcc ziyarətinə gedənlərin dayanacağı olduğunu göstərir. Bəzən zəvvarlar karvanlarla gedirdilər, bəziləri isə həcci piyada yerinə yetirmək nəzri verirdilər. Burada vaxtilə həm zəvvarları, həm də Fars körfəzi regionuna səyahət edən tacirləri qəbul etmək üçün karvansaralar olub.

Hacıqabul gölü yaxınlığında 16-cı əsrdə Şah Abbas tərəfindən böyük bir karvansara da tikilmiş, Səfəvilər sülaləsi dövründə isə o vaxt Mahmudabad adlandırılan şəhər salınmışdı. Sonralar bu ad unudulmuş və şəhər yenidən Hacıqabul adlanmağa başlamışdır. Lakin bu yerdə insanlar hələ 5 min il əvvəl yaşayıblar - şəhərin şimal-qərbində, HƏRAMİ dağında arxeoloqlar divarlarında petroqliflər olan siklopik tikilinin qalıqlarını aşkar ediblər. Onun ətrafında, daşlar üzərində də insan və qeyri-adi, fantastik heyvan təsvirləri aşkar olunub. Alimlər bu obyekti eneolit dövrünə aid edirlər.

Hacıqabul ətrafında digər tarixi-memarlıq abidələri də qorunub saxlanılıb. Qubalı-Balaoğlan kəndində Pir Hüseyn xanəgahı yerləşir, buraya minarəli qədim məscid, qala divarları, karvansara, yaşayış otaqları (13-14-cü əsrlər), 11-ci əsrdə yaşamış və şərəfinə iki əsr sonra türbə ucaldılmış Şeyx Hüseynin türbəsi, həmçinin qədim körpü (17-19-cu əsrlər) daxildir. Xanəgahın şirli kaşıları haqlı olaraq bütün müsəlman Şərqində ən yaxşılarından sayılır. Hazırda kaşıların bir hissəsi Sankt-Peterburqun Dövlət Ermitajında və Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanılır.

Udulu kəndində erkən orta əsrlər dövrünə aid GÜNGƏRMƏZ müdafiə qülləsi qorunub saxlanılıb. Onun adı müdafiəçilərin düşmənə son ana qədər təslim olmamaq əzmindən xəbər verir.

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.