Cənub marşrutu: Lerik
8 958Rayonun əhalisi - 67400 nəfər; rayon mərkəzi, - Lerik şəhəri - 6900 nəfər.
LERİK RAYONU - TALIŞ dağlarında yüksəkdə yerləşən, Azərbaycanın ən gözəl guşələrindən biridir. Möhtəşəm təbiət, meşə ətri ilə dolu təmiz dağ havası, bulaqlar, çaylar, münbit torpaq - bu diyarın uzunömürlüləri ilə məşhur olması təsadüfi deyil. Yayda havanın temperaturu nadir hallarda +25 dərəcəni keçir, lakin bol payız yağışları bəzən yolları keçilməz, bəzi kəndləri isə çətin əlçatan edir. Lerik meşələrinin bəzi, xüsusilə çətin əlçatan guşələrində hazırda xüsusi proqramla qorunan bəbir yaşayır.
Burada çöl donuzu, tülkü, dovşan, quş (ördək, kəklik) ovu üçün şərait var. Talış dağlarının ən yüksək zirvələri KÖMÜRGÖY (2492 m.) və QIZYURDU (2433 m.) zirvələridir.
Bu diyarın tarixi çox özünəməxsusdur və bütün ölkənin mürəkkəb tarixinin ən maraqlı məqamlarını əks etdirir. Lerik rayonunun ərazisində bu yerlərin hələ neolit dövründə məskunlaşdığını sübut edən çoxlu mədəni-tarixi abidələr qorunub saxlanılmışdır. Məsələn, daş dövrünə aid mağara düşərgəsi; MİSTAN dağ kəndi yaxınlığında, təxminən 2430 m. hündürlükdə yerləşən qədim "QIZ YURDU" yaşayış yeri.
Türbələr: CONU kəndi yaxınlığında BABA HƏSƏN, MONDİGAH kəndində BABA İSA, XANAGAH kəndində XOCA SEYİD (14-cü əsr), KEKONU kəndi yaxınlığında PİR YUSİF, CABİR (12-14-cü əsrlər) və XƏLİFƏ ZƏKƏRİYYƏ - CƏNGƏMİRAN kəndinə gedən yolda; yeri gəlmişkən, bu kənddə hətta qədim və sadəcə qoca ağaclar da yerli sakinlər tərəfindən qorunur və əziz tutulur. Vaxtilə bu kəndə Aleksandr Düma gəlmiş və əsərlərindən birində bu kəndin bir sakinəsinin qəhrəmanlıq dolu taleyini əks etdirmişdir.
LÜLƏKƏRAN kəndində 19-cu əsrə aid orijinal məscid qorunub saxlanılmışdır. Bir çox kənddə qalmış çoxsaylı daş qoç heykəllərini də xatırlatmaq lazımdır.
Artıq qeyd etdik ki, rayon uzunömürlüləri ilə məşhurdur. Məsələn, ŞİRƏLİ MÜSLÜMOV 163 il fəal həyat yaşamış (1812-1975-ci illər) və dünya rekordu qoymuşdur; MAHMUD EYVAZOV 150 il yaşamışdır (1808-1958-ci illər). Burada indi də yüz yaşı keçmiş, lakin əmək qabiliyyətini itirməmiş onlarla uzunömürlü yaşayır.
Xalq sənətlərindən burada xalçaçılıq, ağacdan müxtəlif məişət əşyalarının hazırlanması, həmçinin dulusçuluq inkişaf etmişdir. Yerli xalçaçılığın xüsusiyyəti ondan ibarətdir ki, xalçalar şaquli dəzgahda deyil, birbaşa yerə sərilən üfüqi dəzgahda toxunur.
LERİK ŞƏHƏRİ - Lerik rayonunun inzibati mərkəzidir. Bakıdan məsafə - 325 km. Şəhər dağların ətəyində, münbit düzənlikdə yerləşir. Burada Diyarşünaslıq muzeyinə baş çəkmək, Qarabağ müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış memorialı görmək olar.
Burada yerli sakinlərin evlərində, həmçinin Lənkərandan Leriyə gedən yol boyunca yerləşən çoxsaylı istirahət zonalarında qalmaq olar...
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.