Cənub marşrutu: Cəlilabad
9 107Rayonun əhalisi - 177700 nəfər; rayon mərkəzi, Cəlilabad şəhəri - 35700 nəfər.
CƏLİLABAD RAYONU Kür-Araz ovalığının sərhədində yerləşir, iqlim zonaları - yağıntıların demək olar ki, bərabər paylandığı mülayim istidən tutmuş quru yayı olan yarımsəhralara və quru çöllərə qədərdir. Rayonun ərazisindən İNCƏÇAY, BOLQARÇAY, MİŞARÇAY, GÖYTƏPƏÇAY çayları axır. İqlimin və relyefin xüsusiyyətləri burada üzümçülüyün intensiv inkişafına səbəb olub, halbuki keçmiş dövrlərdə bu ərazi bütün ölkə üçün müxtəlif növ taxılın əsas tədarükçüsü idi. Hazırda bu ənənə fəal şəkildə dirçəlir.
Burada ov üçün gözəl yerlər var, təxminən 14,7 min hektarı meşələr tutur. Məsələn, ZƏVVAR ov təsərrüfatında su quşlarını ovlamaq olar. Fauna - canavarlar, dovşanlar, porsuqlar, tülkülər, çöl donuzları, vəhşi ördəklər, qazlar, qartallar, turaclar və s.
CƏLİLABAD şəhəri - Cəlilabad rayonunun inzibati mərkəzi, Bakıdan uzaqlığı - 208 km.
Şəhərin kənarında arxeoloqlar HƏMŞƏHRƏTƏPƏ şəhər yerini aşkar edib qazıntı aparıblar. Eneolit dövrünə aid maddi mədəniyyət nümunələri tapılıb. Alimlər ehtimal edirlər ki, məhz burada erkən zərdüştilik dövrünün ari tayfalarından biri olan məşhur MUĞLAR tayfası yaşayıb. Muğ tayfasından olanlar ənənəvi olaraq bu qədim dinin kahinləri olur və onun ali kahin təbəqəsinin sıralarını tamamlayırdılar. Onlar təbabət sənətinə, zərdüşti astrologiyasına yiyələnmişdilər. Onlar o qədər çox şey bacarırdılar ki, zamanla tayfanın adı ümumi isimə çevrildi - "magiya". Burada, HƏMŞƏHRƏTƏPƏ şəhər yerinin kiçik təpələrində məişət əşyaları və zərdüşti dininin ayin içkisi olan HAOMANIN hazırlanması üçün alətlər tapılıb.
Rayonun ərazisində çoxlu kurqan, şəhər yeri, yaşayış məskəni, nekropol aşkar edilib (dövrlər - tunc dövründən erkən orta əsrlərə qədər).
Şəhərin ən qədim adı - HƏSİLLİ, sonralar o, HƏŞTƏRXAN-BAZAR adlandırılıb. Şəhərin indiki adı Şərqdə ilk satirik jurnal olan "MOLLA NƏSRƏDDİN"in banisi və daimi redaktoru, görkəmli Azərbaycan satirik yazıçısı CƏLİL MƏMMƏDQULUZADƏNİN şərəfinə verilib.
Cəlilabadda kiçik diyarşünaslıq muzeyi, park, mehmanxana, motel var.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.