Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 24.04.2008

Yunanıstan və Türkiyə istirahət üçün yararsız olacaq

7 894
S sazan · 24 aprel 2008 əlavə edildi
Yunanıstan və Türkiyə istirahət üçün yararsız olacaq

Yaxın onilliklərdə Aralıq dənizi hövzəsi, eləcə də Türkiyə və Misir qlobal istiləşmə səbəbindən turizm üçün yararsız hala düşəcək.

Yay istisi Avropa ölkələrində müntəzəm hal alacaq, sunamilər istirahət edənləri məşhur çimərliklərdən uzaqlaşdıracaq, dağ-xizək kurortlarında isə qar əriyəcək. Qlobal istiləşmənin bu və bir çox digər nəticələri dünyanın turizm xəritəsini kökündən dəyişəcək, ən azı «Doyçe bank»ın analitikləri hazırladıqları «İqlim dəyişiklikləri və turizm: səyahət hara aparacaq?» adlı məruzədə belə iddia edirlər.

Ən çox Avstraliyanın payına düşəcək. Neft qiymətlərinin artması səbəbindən ora uçuşlar bahalaşacaq, istiləşmə səbəbindən isə sahil zonasında daşqınlar və meşələrdə yanğınlar tezləşəcək. Həmçinin Böyük Sədd rifinin mərcanları ölməyə başlayacaq, lakin nə qədər paradoksal olsa da, ölkəyə dalğıcların axınını artıracaq yeganə şey məhz bu olacaq. Belə ki, «Böyük Sədd rifi yox olmamış ona baxmağa çatdır!» şüarı tamamilə aktualdır. Maldiv adaları yaxınlığındakı riflər də məhv olacaq, lakin bu dərd deyil, çünki o vaxta qədər Maldivlərin özünü də su basacaq.

Kabuslar bununla bitmir. Yunanıstanda, Türkiyədə, Misirdə, İspaniyada və Portuqaliyada 2003-cü ildə 35 min insanın ölümünə səbəb olmuş yay istisi müntəzəm hal alacaq. Cənubi Avropada turistlərin naminə ora gedəcəyi mədəniyyət abidələri var. Lakin, birincisi, görməli yerlər rəqib ölkələrdəki qədər çox deyil, ikincisi isə abidələrə daha az isti vaxtda da baxmaq olar. Ən sərfəli yay mövsümü Aralıq dənizi hövzəsinin yanından ötüb keçəcək. Üstəlik, istirahət edənlər Macarıstandan soyuyacaq, çünki Balaton gölü dayazlaşacaq.

Çimərlik həvəskarları Şimal və Baltik dənizlərinin sahillərinə – ilk növbədə Almaniyaya, Danimarkaya və Baltikyanı ölkələrə köçəcəklər. Fransa və İtaliya da Avropa istisindən zərər çəkməyəcək və hətta bir qədər qazanacaq, çünki bu ölkələrə «şokolad» rəngli qaralmaq üçün deyil, muzeylər və qədim saraylar naminə gedirlər. Fransa Alplarında yüksəkdə yerləşən xizək kurortları zərər çəkməyəcək. Əvəzində aşağıda yerləşənlər xeyli əriyəcək. Bu, İtaliyaya, Avstriyaya və AFR-ə aiddir. İngiltərədə və Skandinaviyada iqlim daha mülayim və xoş olacaq.

Hamburq Universitetinin professoru Riçard Tolun hesablamalarına görə, qlobal istiləşmə sayəsində XXI əsrin sonuna doğru turist axını ən çox Kanadaya (220%), Rusiyaya (174%) və Monqolustana (174%) artacaq. İsti müsəlman ölkələri – Mavritaniya (60% azalma), Mali (59%), eləcə də Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (55–58% azalma) uduzan tərəfdə qalacaq.

1news.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.