Tehran Xəzərin ekoloji vəziyyətindən narazıdır
8 282
Tehran Xəzər dənizinin ekoloji vəziyyətindən narazıdır və sahilyanı ölkələri problemlərin həlli üçün dialoqa çağırır. 1news.az-ın PortNews-a istinadən məlumatına görə, bunu dünən İran XİN-in rəhbəri Manuçehr Müttəki beş Xəzəryanı dövlətin xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun iclasında çıxış edərkən bəyan edib.
«Xoşbəxtlikdən, sahilyanı ölkələr arasında dialoq elə bir mərhələyə çatıb ki, Xəzər dənizinin hüquqi statusunun yekun tənzimlənməsi real hədəfə çevrilib», - deyə İranın xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, «bu dənizin hüquqi statusu elə hazırlanmalıdır ki, Xəzəryanı ölkələrin xalqlarının həm indiki, həm də gələcək nəsillərinin gözləntilərinə və ehtiyaclarına cavab versin».
M.Müttəki «region dövlətlərinin uzunmüddətli maraqlarını nəzərə almağın, bu dənizdə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tədbirlər görməyin, Xəzərin heyvanat və bitki aləmini qorumağın, həmçinin regionu iqtisadi rifah zonasına çevirməyə çalışmağın» zəruriliyini qeyd edib.
Bununla yanaşı, o bildirib ki, «ekologiya və bioloji ehtiyatların qorunması baxımından Xəzərdə məqbul vəziyyətə nail olmaqdan hələ uzağıq».
«Dövlətlərimiz mövcud razılaşmaları daha ciddi şəkildə həyata keçirməli, müvafiq milli siyasət aparmalı və regional səviyyədə dialoqu davam etdirməlidirlər», - deyə İran diplomatiyasının rəhbəri hesab edir.
Nazir həmçinin bildirib ki, bu ilin yayında Həştərxanda keçiriləcək Xəzəryanı ölkələrin baş nazir müavinləri səviyyəsində iqtisadi konfransında İran prezidenti Mahmud Əhmədinejadın sahilyanı ölkələrin iqtisadi əməkdaşlıq təşkilatının yaradılması təşəbbüsü müzakirə olunacaq.
«İslam Respublikası bu iclasda uğurlu iştirak üçün hazırlıq işləri aparıb və görüşün keçirilməsinin təfərrüatları ilə bağlı rusiyalı həmkarlarından daha çox məlumat gözləyir», - deyə o yekunlaşdırıb.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.