Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 14.06.2008

Şüvəlan, Mərdəkan, Şıxov, Qaradağ rayonu çimərliklərində və Sumqayıt sahilində çimmək qadağandır

8 873
S sazan · 14 iyun 2008 əlavə edildi
Şüvəlan, Mərdəkan, Şıxov, Qaradağ rayonu çimərliklərində və Sumqayıt sahilində çimmək qadağandır

Bu il paytaxtın Şüvəlan, Mərdəkan, Şıxov, Sahil (Qaradağ rayonu) çimərliklərində və Coratdan Hacı Zeynalabdin Tağıyev qəsəbəsinədək olan çimərlik sahəsində (Sumqayıt ərazisi) çimmək qadağandır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun sanitar-gigiyena məsələləri üzrə müavini Vaqif Abdullayev «Exo»ya bildirib ki, Bakı, Sumqayıt və Abşeron çimərliklərində aparılan monitorinqin nəticələri bu ərazilərin çirkləndiyini göstərir və buna görə də orada çimmək olmaz.

«Biz Novxanı və Zağulba istisna olmaqla Bakı, Sumqayıt və Abşeronun bütün çimərliklərində monitorinqi başa çatdırmışıq. Bu il işi ETSN ilə birgə aparırıq. Tədqiqatların nəticələrinə əsasən, respublikanın baş sanitar həkiminin müavini tərəfindən Şüvəlan, Mərdəkan, Şıxov və Sahil çimərliklərində çimməyə qoyulmuş qadağa uzadılır. Qərar bu sahələrin çirkab suları ilə intensiv çirklənməsi ilə əlaqədar qəbul edilib. Məlumata görə, Şüvəlan-Mərdəkan zonasında təmizləyici qurğuların təmir işləri başa çatmadığından çirkab suları çimərlik sahələrinə axır. Buna görə də bu il orada çimməyə icazə verilməyəcək», - deyə o qeyd edib.

Eyni zamanda Coratdan Hacı Zeynalabdin Tağıyev qəsəbəsinədək olan sahə (Sumqayıt ərazisi) çimmək üçün yararsız hesab edilib, orada da intensiv çirklənmə səbəbindən çimməyə icazə verilmir. Bu ərazi ilə bağlı əvvəllər də qərar çıxarılıb və o, qüvvədə qalır.

V.Abdullayev bildirib ki, qalan çimərliklər normaldır, Zağulba və Novxanıda monitorinqi başa çatdırmaq qalıb. «Hava şəraitinə görə onları bitirə bilmirik, çünki analiz götürmək üçün dənizə çıxmaq mümkün deyil. Hava yaxşılaşan kimi monitorinqi başa çatdıracaq və çimərliklərin vəziyyəti barədə əhaliyə ən qısa müddətdə məlumat verməyə çalışacağıq».

Monitorinq başa çatdıqdan sonra RGEM qadağan olunmuş çimərliklərdə çimməyin qarşısını almaq üçün tədbir görmələri məqsədilə Bakı icra hakimiyyətini və polis orqanlarını rəsmi məlumatlandıracaq…»

AR ETSN-in 2008-ci ilin yanvar-may ayları ərzində Pirşağı-Pirallahı sahil ərazisində apardığı tədqiqatlara əsasən, mikrobioloji baxımdan normal vəziyyətdə olan sahələr bunlardır: «Mayak» istirahət sahəsinə yaxın ərazi; Dübəndi, hərbi hissənin arxası; Dübəndi terminalı, Dübəndi bağları ərazisi (bəzən zəif çirklənmənin qeydə alınması həmin vaxt küləyin sürətinin artması ilə bağlıdır); «Şimal» DRES ərazisi (bəzən zəif çirklənmənin qeydə alınması həmin vaxt küləyin sürətinin artması ilə bağlıdır); Mərdəkan sahil zolağı, Marina beach istirahət mərkəzinin ərazisi; Bilgəh Kardioloji sanatoriyasının ərazisi; Bilgəh sahil zolağının ərazisi, Ambура çimərliyi. Mərdəkan sahil zolağında («Qızıl qum» istirahət mərkəzinin ərazisi) müşahidələr yalnız mayın son həftəsində zəif çirklənmə qeydə alıb. Buzovna qəsəbəsinin «Əli ayağı» ziyarətgahı istiqamətində modul tipli təmizləyici qurğu sayəsində cari ilin beş ayı ərzində yalnız bir dəfə zəif çirklənmə qeydə alınıb. Bu, 24 may 2008-ci ildə baş verib. Səbəbləri güclü külək və başqa istiqamətdən gələn çirklənmədir. Buzovna sahil zolağında (köhnə kəndin ərazisi) may ayında zəif çirklənmə müşahidə olunub. Səbəb külək və başqa istiqamətdən gələn çirklənmədir. Son vaxtlar Pirşağı sahil zolağında Qızılnohur və Şorgöl ərazisində bağırsaq çöplərinin miqdarı normaya uyğundur. Nardaran sahil zolağı ərazisinin çirklənmə səviyyəsinin tədricən normallaşması müşahidə olunur. Vəziyyətin yaxşılaşdığını qeyd edən ETSN bunu quraşdırılmış modul tipli təmizləyici qurğuların istismara verilməsi ilə əlaqələndirir.

«Exo»
day.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.