REPRODUKTİV SAĞLAMLIQ, HƏYAT KEYFİYYƏTİ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ
8 454
- bütün bunlar müasir cəmiyyətdə gender tarazlığı ilə ayrılmaz şəkildə bağlıdır", - deyə Qərb Universiteti nəzdində Gender Tədqiqatları Mərkəzinin idarə heyətinin üzvü Lalə Bayramova hesab edir
Təbiət ana bəşəriyyəti iki "cinsə" - kişilərə və qadınlara ayırıb, lakin dünyanın bir çox qabaqcıl alimlərinin tədqiqatları zamanı məlum olub ki, bioloji baxımdan kişilərlə qadınlar arasında fərqlərdən qat-qat çox oxşarlıq var. Davranış və emosional xüsusiyyətlərdəki fərqlərə baxmayaraq, bizim eyni hüquq və vəzifələrimiz var ki, bu da, təbii ki, bir çox ölkələrin qanunvericiliyində öz əksini tapıb.
Ətraf mühitin mühafizəsi və gender məsələlərinin bir-biri ilə necə sıx çulğaşdığı barədə bu gün BDU-nun ətraf mühitin mühafizəsi kafedrasının baş müəllimi, Qərb Universiteti nəzdində Gender Tədqiqatları Mərkəzinin idarə heyətinin üzvü, müxtəlif beynəlxalq institutların, o cümlədən BMT-nin Əhali Fondunun (UNFPA) dəstəyi ilə nəşr olunmuş "Gender və ekologiya" tədris proqramının və dərs vəsaitinin müəllifi Lalə Əli qızı Bayramova ilə söhbət edəcəyik:
- Onu deməklə başlayaq ki, bizim dünyamız bütün canlıların yaşayış mühitidir, deməli, həm də qadınların dünyasıdır. Buna görə də sosial ekologiyanı qadınların ekologiyası, deməli, həm də gender ekologiyası kimi şərh etmək olar. Təbiət insanın evidir. Təbiət insanların mədəni, estetik və maddi ehtiyaclarının mənbəyidir. Təbiət bizim evimiz, ətrafımız, cəmiyyətin həyatı üçün zəruri şərtdir. Bütün qlobal proseslərin meydanı son zamanlar nisbətən "kiçilən" coğrafi məkandır.
Əsrlər boyu təbiətin və qadının qavranılması eyni olub. Onlara ruzi verən kimi yanaşıblar. Qadın-torpaq obrazı xalqların mədəni şüurunda son dərəcə mühüm bir surət olub. Təbiət qadın kimi, ana kimi, müdrikliyin və zərifliyin özü kimi qəbul edilib. Bir çox mədəniyyətlərdə ən təmiz, mənəvi, ülvi olan hər şey qadınla əlaqələndirilib. Minilliklər boyu qadın yaşadığı cəmiyyətlə bu cəmiyyəti əhatə edən təbii mühit arasında bağlayıcı halqa olub.
Ölkəmizin qanunvericiliyi müasir dövrün ekoloji problemlərinin hüquqi əsasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququ var. Ətraf mühit dedikdə yerin təki, yerüstü və yeraltı su hövzələri, atmosfer havası, bitki və heyvanlar aləmi nəzərdə tutulmalıdır. 10 avqust 1999-cu ildə Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" qanunu qəbul edilib. Bu qanun təbii ehtiyatlardan istifadəyə, onların bərpasına və artırılmasına ekoloji tarazlıq baxımından əsaslandırılmış münasibətlə yanaşı, ətraf mühitin fiziki, kimyəvi, bioloji, radioaktiv, elektromaqnit təsirlərdən, səs-küydən, çirklənmədən və digər mənfi hallardan mühafizəsi üzrə vəzifələrin dairəsini də müəyyən edir. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində bir çox Konvensiyaları ratifikasiya edib.
Respublikamızın Konstitusiyası ətraf mühitin mühafizəsini ümumxalq işi kimi nəzərdən keçirir. Orada göstərilir ki, hər bir vətəndaş ekoloji hüquq pozuntusu ilə əlaqədar səhhətinə və əmlakına vurulmuş zərərə görə kompensasiya almaq hüququna malikdir. Beləliklə, ekoloji təhsilin normativ komponenti bioloji cinsindən asılı olmayaraq hər bir insanın ətraf mühitin vəziyyətinə görə məsuliyyəti məsələsini qaldırır.
- "Gender" sözü çəkiləndə çoxları bunu "feminizm" sözünün sinonimi kimi başa düşür... İnsanların bu problematikaya münasibəti sizi qorxutmur?
- Doğrudan da, əvvəlcə çoxları heç cür başa düşə bilmirdi ki, "gender" şəxsiyyətin bioloji mənsubiyyətdən asılı olmayaraq qavranılmasıdır. Mahiyyət etibarilə, kişi və qadın başlanğıcının bütövlükdən kənar, ayrılıqda nəzərdən keçirilməsi müasir insanın yanlış obrazını yaradır. Gender tədqiqatları təbii mənşəyin və ictimai inkişafın təhlili üçün geniş imkanlar açıb. Kişi ilə qadın arasında zaman keçdikcə dəyişməyən təbii, bioloji fərqə baxmayaraq, gender bərabərliyi kateqoriyası çox dinamik, çevikdir, sosial-iqtisadi şəraitin dəyişməsinə çevik reaksiya verir.
Müasir elm universallaşmaya və müxtəlif növ stereotiplərdən, o cümlədən milli-etnik, dini, siyasi, eləcə də gender stereotiplərindən imtinaya doğru mütərəqqi meyillərlə səciyyələnir. İnsan hüquq və azadlıqlarına riayət olunmaqla təfəkkür tərzinin və həyat üslubunun plüralizmi qəbul edilir. Qadınların və kişilərin cəmiyyətdə oynadığı rollar müxtəlifdir. Bu gün gender yanaşması baxımından qadının reproduktiv, məhsuldar, sosial və ya ictimai rolu da kişinin iqtisadi və sosial sahələrdəki rolu kimi nəzərdən keçirilməlidir. Kişi və qadının rolunun öyrənilməsi yolu ilə onların ehtiyaclarının daha dərindən anlaşılmasına, müxtəlif səviyyələrdə hakimiyyət strukturlarına və spesifik vəzifə və problemlər, o cümlədən ekoloji problemlər üzrə qərarların qəbulu prosesinə cəlb olunmalarına nail olmaq mümkündür.
Gender problematikası öz müxtəlifliyi ilə maraqlıdır. Bu gün bu, sosial cəmiyyətin inkişafının təməl məqamlarından biridir. Dünyanın 100-dən çox ölkəsində qadınların iqtisadiyyatda, siyasətdə, biznesdə, ekologiyada və digər sahələrdə rolunun güclənməsinə kömək edən təşəbbüslər irəli sürülüb. Qadınların rəhbər rolunun genişləndirilməsinə və sülhməramlı missiyalarda iştiraklarının miqyasının artırılmasına dair çağırışlar getdikcə daha tez-tez səslənir. Qadın hüquqlarının müdafiəsi və qadınlara qarşı zorakılığın aradan qaldırılması təşviq edilir. Dünya qadın rəhbərlərin "paradı" qarşısında heyrətə gəlib. Bütün dünyada BMT ölkələrinin əksəriyyəti gender sahəsində birgə layihələr və proqramlar üzərində işləyir. Minilliyin İnkişaf Məqsədləri məhz gender simmetriyasına uyğun olaraq tərtib edilib. Ekologiyanın sosial şərhi geniş diapazonu əhatə etdiyindən, o, gender problematikasına da toxunur.
Qərarların qəbulunda qadın hüquqlarına riayət edilməsində gender asimmetriyası məsələləri, həmçinin qadınların ekoloji problemlərin və ətraf mühitin mühafizəsi sahəsində yaranan məsələlərin həllində fəal iştirakı, ekoloji cəhətdən təhlükəsiz həyat şəraitinin yaradılması bütün dünyada aktual olaraq qalır. Azərbaycanda da, hər hansı digər dövlətdə olduğu kimi, hələ də öz vaxtını gözləyən müəyyən məsələlər mövcuddur. Bu problemlərin həlli isə təhsil sisteminin keyfiyyətcə yeni nəsil insanların tərbiyəsi məsuliyyətini öz üzərinə götürməsini tələb edir. Əslində, biz də son səkkiz ildə - mərkəzimizin yaradıldığı gündən bəri məhz bununla məşğuluq. Dərhal qeyd etmək istəyirəm ki, biz QHT deyilik, gender problemləri haqqında düzgün məlumat çatdırmağa, onları həyatın bütün digər sahələrinə inteqrasiya etməyə çalışan həmfikir həmkarların yaradıcı və tədqiqatçı birliyiyik. Paytaxtın və regionların ali məktəblərinin tələbələri və müəllimləri ilə görüşürük. Gənclərin cəmiyyətimizin səriştəli insanları ilə görüşlərini təşkil edirik. Bir yerə toplaşaraq ağrılı məsələləri müzakirə edirik...
- Amma gəlin həyat keyfiyyəti ilə ətraf mühitin qarşılıqlı əlaqəsi probleminə qayıdaq... Ekologiyada gender problematikası nədir?
- Bu, cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsidir. Ekoloji məsələlərin həllinə gender yanaşması müasir davamlı inkişafın və ictimai fəaliyyətin kişilərə və qadınlara onları əhatə edən təbii mühit daxilində necə təsir etdiyini anlamağın açarıdır.
Bəşər sivilizasiyasının formalaşmasının lap əvvəlindən biz təbii proseslərə "planlı şəkildə" müdaxilə edir və onlara təsir göstəririk, təəssüf ki, çox vaxt müsbət yox. Bəşər sivilizasiyalarının təbiətə təsirinin miqyası şərti olaraq beş dövrü ayırmağa imkan verir, onların hər biri cəmiyyətin təbiətə və təbiətin cəmiyyətə təsirinin özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Onlardan birincisini "ilk ekoloji böhran dövrü", yəni cəmiyyətlə təbiət arasındakı ekoloji tarazlığın ilkin pozulması adlandırmaq olar. Bu böhran bəşər tarixinin ən erkən mərhələlərindən başlamışdı, lakin özünütəmizləmə və özünübərpa qabiliyyətinə malik olan təbiətin özü tərəfindən "nəzarətdə saxlanılırdı".
İkinci dövr onunla səciyyələnir ki, insanlar əkinçilik və maldarlıqla məşğul olmağa başladılar, yəni təbii mühitin mənimsənilməsində növbəti addımı atdılar. Əgər birinci halda təbiət Yer üzündən iri məməlilərin yox olması ilə cavab verdisə, maldarlıq və əkinçiliklə bağlı yeni torpaqların mənimsənilməsi tədricən böyük torpaq massivlərinin susuzlaşmasına və torpaq eroziyasına, çöl ot örtüyünün yarımsəhra və səhra bitki formasiyaları ilə əvəzlənməsinə, iqlimin və landşaftların qlobal dəyişməsinə gətirib çıxardı.
Üçüncü dövr - şəhər yaşayış məntəqələrinin yaradılması və istehsalın elə dərəcədə cəmləşməsidir ki, planetin bəzi yerlərində antropogen mühit təbii ekosistemi tanınmaz hala salmışdır. Ondan sonra dördüncü dövr gəldi, bu müddətdə istehsal qlobal miqyasa qədər inkişaf etdi və demək olar ki, bütün yer kürəsini əhatə edən möhtəşəm miqrasiyalar erası başladı. İndi biz beşinci dövrü yaşayırıq, bu dövrdə əhalinin sayının artımı, demək olar ki, həndəsi silsilə ilə səciyyələnir və yeni texnologiyaların kütləvi şəkildə işlənib hazırlanması müşahidə olunur. Bu beş dövr "insan" ilə "təbiət" arasındakı münasibətlərə təsir göstərməyə bilməzdi...
Buna görə də "gender balansının" yaradılması, qadınların sosial, iqtisadi və ekoloji sahələrdə imkanlarının genişləndirilməsi çox vacibdir, çünki məhz belə yanaşma cəmiyyətin davamlı inkişafına gətirib çıxaracaq. Qadınlar davamlı və ekoloji cəhətdən sağlam istehlak və istehsal nümunələrinin yaradılmasında mühüm rol oynayır, su və enerjiyə qənaət edən sistem nümunələrini fəal şəkildə tətbiq edir, təbii ehtiyatların idarə olunmasının "düzgün" üsullarını təbliğ edirlər.
Gender münasibətləri cəmiyyətin sabit inkişafının əsas elementlərindən biridir. İnsan münasibətlərinin, o cümlədən ən həssas sahəsini əhatə edən yetkin mədəniyyət təbiətdən istifadə sahəsində bu münasibətlərin tənzimlənməsinə böyük təsir göstərir. Cəmiyyətdəki gender problemlərinin mahiyyəti ekoloji problemlərin həlli ilə də sıx bağlıdır. Azərbaycandakı əlverişsiz ekoloji vəziyyət ətraf mühit problemlərinin həllində fəallıq tələb edir. Ekoloji problemlərin həllində qadınların və kişilərin rolu eyni deyil. Fikrimizcə, hələ də kişilərin idarə etdiyi bir sıra təşkilatlar var ki, orada ekoloji problemlərin həllinə həmişə lazımi diqqət yetirilmir, buna görə də bizə elə gəlir ki, qadınların özlərinin bilavasitə iştirakı ilə qadın problemləri, o cümlədən ətraf mühit problemləri ilə bağlı olanlar daha çevik, təbiətə qarşı daha tolerant şəkildə həll olunardı.
- Bu isə, əlbəttə, bütün vətəndaşların sağlamlığına təsir edəcək...
- Bəli, çünki məhz qadın ocağın qorunmasına, gələcək nəsillərin sağlamlığına cavabdeh olub və cavabdehdir. Ekoloji problemlər və səhiyyə problemləri bütün postsovet məkanında prioritet olmayıb, baxmayaraq ki, insan və onun rifahı ən mühüm dəyərlər elan olunurdu, lakin bunlar sadəcə ideoloji bəyanatlar idi, praktikada isə başqa cür olurdu. Artıq XX əsrin 50-ci illərinin ortalarında, təbii ehtiyatların nəzarətsiz istismarı aparıldığı və çirklənmələrin təbii komplekslərə təsirinin bir neçə dəfə artdığı zaman ekoloji böhran yaranmağa başlamışdı.
Azərbaycanda əhalinin sağlamlığına təsir əsasən atmosfer və su çirklənmələri ilə bağlıdır. Xoşbəxtlikdən, son vaxtlar Sumqayıtda çirklənmə dərəcəsinin illik göstəriciləri azalıb, lakin toplanmış istehsal tullantıları hələ də əhalinin sağlamlığına mənfi təsir göstərməkdə davam edir, tənəffüs orqanlarının xəstəliklərinə və allergik reaksiyalara səbəb olur. Son illərdə istehlak edilən suyun keyfiyyətinin beynəlxalq sanitar-gigiyenik standartlara uyğun olmaması səbəbindən bəzi "su ilə ötürülən" xəstəliklərin göstəricisi kəskin artıb. Sağlamlıq üçün potensial təhlükəni, lakin daha az qeydə alınan, civə çirklənməsi daşıyır, təcavüzkar Ermənistan tərəfindən tranzit çaylarımıza, xüsusən də Araz hövzəsinin çaylarına atılan zəhərli və radioaktiv tullantılar da böyük problemdir.
Beləliklə, təbii-ekoloji amillərin "gender probleminə" təsirini tibb baxımından da nəzərdən keçirmək olar. Tədqiqatlara görə, son 10 ildə qadınların onkoloji xəstəliklərə, vərəmə, cinsi funksiya pozuntularına meyillilik tendensiyası müşahidə olunur. Reproduktiv sağlamlıq problemi də az əhəmiyyət daşımır, doğum səviyyəsi aşağı düşüb. Deyilənlərin hamısından belə bir nəticə "çıxır" ki, ekoloji strategiyanın qlobal məsələlərinin həllində iqtisadi artımla, sırf texniki, təbiəti mühafizə tədbirlərinin tətbiqi ilə yanaşı, əhalinin sağlamlaşdırılmasına yönəlmiş tədbirlər də nəzərdə tutulmalıdır, çünki bu, davamlı inkişafa yönəlmiş bütün cəmiyyətin rifahının əsas meyarıdır.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.