Quşların ovunun bərpası barədə qərarı dövlət komissiyası qəbul edə bilər
8 380
Quşların ovunun bərpası barədə qərar ölkə prezidentinin 16 fevral 2006-cı il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ərazisində «quş qripi»nin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası tərəfindən qəbul edilə bilər. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildiriblər ki, ölkədə sabit epizootik vəziyyətlə əlaqədar sinantrop və köçəri quşların ovuna qoyulmuş qadağanın müvəqqəti götürülməsi barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin ETSN-ə müraciət etməsi haqqında məlumata baxmayaraq, onlara bu məzmunda müraciət daxil olmayıb.
Nazirlikdən həmçinin əlavə ediblər ki, «Ov haqqında» qanunun 16.1-ci maddəsinə əsasən, Azərbaycan ərazisində ov mövsümünün başlanğıcını və müddətlərini ETSN müəyyən edir. Bundan başqa, quşların çoxalma dövrü nəzərə alınaraq, hətta sabit epizootik vəziyyət olduqda belə, fevraldan avqustun sonunadək quş ovuna icazə verilmir.
Qeyd edək ki, DBX son 3 ildə «quş qripi» ilə bağlı sabit epizootik vəziyyət, köçəri quşların qışlamasının başa çatması, onların miqrasiya xətti üzərində yerləşən ölkələrdə «quş qripi» faktlarının olmaması, həmçinin ovçuların çoxsaylı müraciətləri ilə əlaqədar maydan noyabradək quş ovuna qoyulmuş qadağanın müvəqqəti götürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiyini bildirmişdi.
Şərhlər (1)
Надеимся откроют пострелушки в этом сезоне!