Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 24.04.2008

PLANETİN GƏLƏCƏYİ NAMİNƏ

7 963
S sazan · 24 aprel 2008 əlavə edildi
PLANETİN GƏLƏCƏYİ NAMİNƏ

«Biz, şübhəsiz ki, geri dönülməz hadisə baş verməzdən əvvəl canlı aləmin məhvini dayandırmağa qadir olan sonuncu nəslik». Alimlər bunu 2005-ci ildə Parisdə, YUNESKO binasında Bioloji müxtəliflik üzrə Beynəlxalq elmi konfransın açılışında bəyan ediblər. Canlı aləm növlərinin yarısının yox olması 2100-cü il üfüqündə bizi təhdid edən reallıqdır.

Böhranın ən parlaq sübutu atmosferdə karbon qazının artan konsentrasiyası və planetimizi Günəşin ultrabənövşəyi şüalarından qoruyan ozon təbəqəsini azaldan istixana effektinin yaranması ilə bağlı iqlimin istiləşməsidir. Ekspertlər planetin istiləşməsinin nəticələrinin siyahısını gətirirlər: iqlimin qeyri-sabitliyi fırtına, tornado və siklon kimi böyük təbii fəlakətlərin tezləşməsinə, temperaturu tənzimləyən dəniz axınlarının dəyişməsinə gətirib çıxarır. Bunun ardınca isə daşqınlar gəlir. Tropik meşələr təhlükə altındadır. Onlar quru sahəsinin 7 faizini tutur, lakin məhz burada planetin bitki və heyvan növlərinin yarısından çoxu bitir və yaşayır. Hər il 17 mln hektar meşə yox olur. Əgər bu templər qalarsa, 50 ildən sonra nəslimiz meşə əvəzinə savanna görəcək.

Atmosferin istiləşməsindən Yerin qütb buzlaqları da əziyyət çəkir. Belə ki, Arktikada son 30 ildə buzlaq kütlələrinin səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb.

Məlumdur ki, dəniz mühiti bu gün balıq ehtiyatlarının hədsiz sənaye istismarı, çirklənmə, sahilin və su hövzələrinin müxtəlif sakinlərinin çoxalma zonalarının urbanizasiyası nəticəsində təhlükəyə məruz qalır. Həyat mənbəyi olan şirin su planetin bütün su ehtiyatlarının cəmi 2,5 faizini təşkil edir. Buna görə də bəşəriyyətin yarısı içməyə yararsız su istehlak edir.

Azərbaycanda keçirilmiş ətraf mühitin mühafizəsi layihələri üzrə Beynəlxalq olimpiadalar dünya ictimaiyyətinin diqqətini təbiətin ekoloji vəziyyəti ilə bağlı problemlərə bir daha cəlb etdi. Keçən il olimpiadanın iştirakçıları 17 ölkənin məktəbliləri idi, bu il isə artıq 30 ölkənin şagird gəncliyinin nümayəndələri Əl Oyunları Sarayında müsabiqə layihələrində planetin ekologiyası ilə bağlı narahatlıqlarını nümayiş etdirdilər. Münsiflər heyətini müxtəlif ölkələrdən 13 professor təmsil edirdi. Onlar təcrübədə uğurla tətbiq oluna biləcək 73 işi seçdilər, qaliblər qızıl, gümüş və bürünc medallarla təltif olundular.

Xüsusilə Masallı «Dafinə» liseyinin (rəhbər Şəmsəddin Ağayev, icraçılar — şagirdlər Arif Hüseynov və Rauf Kamilzadə) və İmişli 2 nömrəli məktəbinin (rəhbər İncə Həsənova, icraçılar — Könül Məmmədova və Sabuhi Rəhimli) layihəsini qeyd etmək lazımdır.

Qeyd edək ki, dövlətimizin təkcə doğma Azərbaycanımızda deyil, dünyanın digər ölkələrində də ekoloji böhran hallarının qarşısının alınması qayğısı xüsusi diqqətə layiqdir.

("Bakinski raboçi" №69, 17 aprel)

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.