«LUKOYL»-un qazma zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi
8 406
[INTRO]«LUKOYL» Azərbaycanda «Yalama» dəniz strukturunda qazma zamanı ətraf mühitə təsirin qiymətləndirilməsini başa çatdırıb[/INTRO]
Şirkətin məlumatına görə, «LUKOYL Overseas» Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli D-222 (Yalama) blokunda ikinci axtarış-kəşfiyyat quyusunun tikintisi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsini başa çatdırıb.
Yanvarda «Alif Hacıyev» elmi-tədqiqat gəmisində dəniz ekspedisiyası müqavilə sahəsində ətraf mühitin ilkin vəziyyətini öyrənib, daha sonra həm qazmanın normal rejimində (güclü müasir «Heydər Əliyev» qazma qurğusu cəlb olunacaq), həm də mümkün qəza vəziyyətlərində ətraf mühitə təsirlərin modelləşdirilməsi aparılıb, işlərin aparıldığı ərazinin infraqırmızı kosmik şəklinin deşifrəsi həyata keçirilib, riskin və təbiətə vurulan zərərin qiymətləndirilməsinə dair hesablamalar edilib.
Qiymətləndirmənin əsas məsələsi balıq ehtiyatlarına vurulan zərərin həcminin müəyyən edilməsi olub. Dəniz qazma texnologiyasının xüsusiyyətləri və quyunun qoyulma nöqtəsində suyun dərinliyi (təxminən 700 m) nəzərə alınmaqla, zərər minimal olacaq və yalnız yem orqanizmlərinin – planktonun və bentosun balıqçılıq dövriyyəsindən çıxarılması ilə məhdudlaşacaq.
Ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə qazma ərazisində daim qəza-xilasetmə gəmisi növbə çəkəcək. Bundan əlavə, ekoloji monitorinq sisteminin tətbiqi, qəza nəticəsində neft dağılmalarının və qəza vəziyyətlərinin aradan qaldırılması planlarının hazırlanması, dövri dalğıc baxışı və qoruyucu kəmərin vəziyyətinin texniki yoxlanışı, hava şəraiti pisləşdikdə texnoloji əməliyyatların icrasına məhdudiyyətlərin tətbiqi və digər zəruri tədbirlər nəzərdə tutulub. Bütün işlər Azərbaycan Respublikasının «Ətraf mühitin mühafizəsi haqqında» qanununa ciddi əməl olunmaqla həyata keçiriləcək.
Perspektivli blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü layihəsinin operatoru olan Overseas Operating Company Ltd. tərəfindən aparılacaq qazmanın noyabrda Danimarkanın Maersk şirkətinə məxsus Heydər Əliyev adına qazma qurğusundan başlanması planlaşdırılır.
İkinci kəşfiyyat quyusunun dərinliyi təxminən 2650 m olacaq. O, birinci kəşfiyyat quyusundan 22 km məsafədə qazılacaq. 2007-ci ilin noyabrında ikinci quyunun ehtimal olunan qazma nöqtəsində 656- 720 m dərinlikdə mühəndis-geoloji axtarışlar aparılıb.
LUKOYL 2005-ci ildə «Yalama»da layihə dərinliyi 4500 m olan ilk quyunu 4400 m dərinliyədək qazıb. Qazma zamanı şirkət üçün kommersiya marağı kəsb etməyən az həcmdə karbohidrogenlər aşkarlanıb.
Heydər Əliyev adına qazma qurğusu suyun dərinliyi min metrədək olan yerlərdə doqquz min m-dək dərinlikdə quyuların qazılması üçün nəzərdə tutulub. Xəzərin maksimal dərinliyi 1025 m-dir, bu isə o deməkdir ki, qurğu praktiki olaraq onun bütün akvatoriyasında işləyə bilər.
«Yalama» strukturunun işlənməsinə dair müqavilə 3 iyul 1997-ci ildə imzalanıb. D-222 bloku Xəzər dənizinin Azərbaycan və Rusiya sektorlarında bərabər hissələrlə, sahildən 30 km məsafədə, 80-dən 700 m-dək dərinlikdə yerləşən Yalama strukturunun bir hissəsidir.
2003-cü ildə D-222 blokunun kəşfiyyatı və işlənməsinin əlavə şərtlərinə dair sazişlər paketi imzalanıb ki, bu da «LUKOYL» qrupunun layihədəki payının 80 faizədək artırılmasını və müqavilə sahəsinin 3 min kv. km-dək genişləndirilməsini nəzərdə tutur. 2006-cı ildə müqavilə ərazisi 1,3 min kv. km-dək azaldılıb, kəşfiyyat dövrü isə 1 noyabr 2009-cu ilədək uzadılıb.
Mənbə: www.capital.trend.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.