Kazbekə doğru, yaxud analoqu olmayan alpinist ekspedisiyası sona yaxınlaşır
7 799
Avropa və Asiyanın səkkiz zirvəsinə yüksəlişi nəzərdə tutan alpinist ekspedisiyası sona yaxınlaşır.
Day.Az-ın məlumatına görə, nəzərdə tutulmuş marşrutun məntiqi sonluğu üçün azərbaycanlı dağ fatehlərinə Kazbekə (5033) qalxmaq qalıb ki, bu da yürüşə effektli nöqtə qoyacaq. Üstəlik, ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş yürüşün təkcə yerli deyil, həm də beynəlxalq alpinizm tarixində analoqu yoxdur.
Bu günlərdə Respublika Alpinistlər Klubunun rəhbəri Saridan Mursaqulovun başçılıq etdiyi ekspedisiya Elbrusa qalxıb. Ağır hava şəraitinə baxmayaraq, idmançılar zirvəyə qalxmağa nail olublar, yüksəliş isə bir daha asan zirvələrin olmadığı barədə sadə alpinist həqiqətini sübut edib. Hələ yola düşməzdən əvvəl Mursaqulov hər dağın öz çətinlik dərəcəsinin olduğunu, lakin yürüşdə üç min metr hündürlükdən sonra fasiləsiz buz örtüyü başlayan Elbrus və Kazbekin xüsusi yer tutacağını dəfələrlə vurğulayırdı. «Elbrus ən şıltaq zirvələrdən biri sayılır, ona yüksəliş havadan asılıdır. Əslində, yüksəliş baxımından asan zirvələr olmur, hər dağın öz çətinlik əmsalı var», - deyə S.Mursaqulov vurğulayıb. Bununla yanaşı, yüksəliş zamanı azərbaycanlı alpinistlərə yerli qayaçılar, eləcə də bələdçilər qoşulublar.
Diqqətəlayiqdir ki, yürüş Heydər zirvəsinə (3763) yüksəlişlə başlayıb, bundan sonra alpinistlər daha altı zirvəni fəth ediblər – İranda yerləşən Savalan (4811), Ağrıdağ (5165), Yunanıstandakı Olimp (2917), Monblan (4807), Slovakiyadakı Tatra (2665), Elbrus (5642), indi isə növbə Kazbekə (5033) çatıb. Yürüşün ümumi marşrutu 11.647 kilometrdir və Azərbaycan, İran, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Serbiya, Macarıstan, Slovakiya, Çexiya, Almaniya, Fransa, Ukrayna, Rusiya və Gürcüstandan keçir. Beləliklə, əlli dörd gün ərzində komanda fiziki dözümlülüyün ön plana çıxdığı olduqca çətin bir missiyanı yerinə yetirir.
Layihədən danışarkən S.Mursaqulov zirvələrin sayının heç də təsadüfi seçilmədiyini qeyd edib. «Məlum olduğu kimi, Azərbaycanın rəmzlərindən biri səkkizguşəli ulduzdur, fəth etməyi planlaşdırdığımız zirvələrin sayı da buradan irəli gəlir. Hazırda müxtəlif hazırlıq işləri aparılır, ekspedisiyaya gedəcək komandanın tərkibi müəyyənləşdirilir. Yürüş zamanı bizə başqa ölkələrdən olan alpinistlər qoşulublar, buna görə də o, beynəlxalq status alacaq. Bununla yanaşı, zirvələrin hər birində Heydər Əliyevin barelyefi qoyulacaq», - deyə S.Mursaqulov qeyd edib.
Bununla yanaşı, o, Savalan, Ağrıdağ və Kazbekin Azərbaycana qonşu ölkələrdə yerləşdiyini nəzərə alaraq, zirvələrin seçiminin də təsadüfi olmadığını vurğulayıb. Monblan isə Avropanın ən yüksək zirvələrindən biri sayılır, Tatra isə qitənin Mərkəzi hissəsinin ən yüksək dağ silsiləsidir. Olimpə yüksəliş isə ümumiyyətlə xüsusi əhəmiyyət daşıyırdı, çünki bu il Pekində Olimpiada keçiriləcək.Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.