Ekologiya Nazirliyi: «Şüvəlan çimərliyinin çirklənməsi «Azərsu» tərəfindən həyata keçirilir. Dənizin bu hissəsində bağırsaq çöplərinin miqdarı normanı 1560 dəfə üstələyir»
8 415
Qanunvericiliyə əsasən, Azərbaycan ərazisində kanalizasiya sularının idarə olunmasını «Azərsu» ASC həyata keçirir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Səhiyyə Nazirliyi ilə birgə öz səlahiyyətləri çərçivəsində buna nəzarət edir.
Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kanalizasiya tullantılarının birbaşa Şüvəlan çimərliyinin sularına axıdılması ilə bağlı məlumat və fotolara verdiyi şərhdə deyilir.
Şərhdə qeyd olunur: «Sevindirici haldır ki, vətəndaşlarımız Xəzər dənizinin çirklənməsi faktlarına biganə qalmır və bu barədə KİV-ə məlumat verirlər».
Nazirlikdən bildirilib ki, məlumatda söhbət gedən ərazi «Azərsu» ASC-yə məxsus olan «Mərdəkan-Şüvəlan» təmizləyici kompleksinə aiddir.
«Söhbət gedən avadanlıq yararsız vəziyyətə düşüb və 2007-ci ildə «Azərsu» ASC onun fəaliyyətini dayandırıb. Bu səbəbdən bu qurğularda təmizlənməli olan çirkli su təmizlənmədən dənizə axıdılır. Bunu qurğunun qəza xəttindən götürülmüş su nümunələri də təsdiq edir. Dənizin bu hissəsində bağırsaq çöplərinin miqdarı normanı 1560 dəfə üstələyir. Nazirlik «Azərsu» ASC-nin burada 2007-ci ilin sonunadək başa çatacaq əsaslı təmir işlərinin aparılacağı ilə bağlı vədini nəzərə alıb. Lakin işlərin başa çatdırılmaması ilə əlaqədar nazirlik «Azərsu» ASC-dən işlərin sürətləndirilməsini tələb edib.
Eyni zamanda fakt üzrə məsul şəxslər qanunvericiliyə uyğun olaraq inzibati qaydada cərimələniblər. Etiraf etmək lazımdır ki, bu cərimələr çirkli suyun dənizə axıdılmasının qarşısını almır. Lakin gözlənilir ki, qısa müddətdə «Azərsu» ASC bu obyektdə lazımi qaydanı bərpa edəcək. Baş verənlərə nəzarət davam edir», - deyə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şərhində bildirilir.
Bundan əlavə, Ekologiya Nazirliyindən bildirilib ki, 2008-ci il aprelin 4-də və 18-də 2006-cı ilin sentyabrında istismara verilmiş Buzovnadakı bioloji təmizləyici qurğularda və köhnə Zığ təmizləyici qurğusunda monitorinqlər aparılıb. Qeyd olunur ki, qurğular «Azərsu» ASC-nin Bakı Kanalizasiya Xidmətləri İdarəsinə məxsusdur.
Monitorinq nəticəsində müəyyən edilib ki, dənizə axıdılan suda zərərli maddələrin miqdarı yol verilən normaları üstələyir ki, bu da «Ətraf mühitin mühafizəsi haqqında» qanunun və «Su Məcəlləsi»nin pozulmasıdır.
«Nazirlik əvvəllər bu qurğuların işinin aşağı keyfiyyəti barədə xəbərdarlıq edib. Buzovna bioloji təmizləyici qurğusunda götürülmüş su nümunələri çirkli suda bağırsaq çöplərinin miqdarının normanı 340 dəfə üstələdiyini deməyə əsas verir. Göstərilən faktla əlaqədar Bakı Kanalizasiya Xidmətləri İdarəsi «İnzibati Xətalar Məcəlləsi»nə uyğun olaraq cərimələnib və çatışmazlıqların aradan qaldırılması üçün 7 bənddən ibarət icrası məcburi olan göstərişlər verilib».
Bundan əlavə, Ekologiya Nazirliyindən bildirilib ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən, Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin yaradılması, çirkli suların dənizə axıdılmasının qarşısının alınması və mikrobioloji vəziyyətin normaya salınması üçün Mərdəkanda, Buzovnada, Bilgəhdə, Nardaranda və Pirşağıda 9 bioloji modul təmizləyici stansiya quraşdırılıb. Bu stansiyaların səmərəli fəaliyyəti sayəsində yuxarıda göstərilən məntəqələrdə Xəzər dənizinin çirklənməsinin qarşısı alınıb. Nazirlik bu stansiyalarda dövri monitorinqlər aparır.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.