Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 06.12.2008

Bakıda səs-küylə mübarizəyə dair sənəd qəbul ediləcək

7 182
S sazan · 06 dekabr 2008 əlavə edildi
Bakıda səs-küylə mübarizəyə dair sənəd qəbul ediləcək
Yaxın vaxtlarda Bakıda insan orqanizminə və ətraf mühitə zərərli təsir göstərən səs-küy çirklənməsi və vibrasiya ilə mübarizəyə dair normativ-hüquqi sənədin qəbul edilməsi gözlənilir. Bununla əlaqədar Nazirlər Kabineti dövlət başçısının sərəncamını rəhbər tutaraq artıq prezident administrasiyasına müvafiq təkliflər göndərib.
Bu məsələni şərh edən parlamentin sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli qeyd edib ki, söhbət ilk növbədə istehsalat (texniki) səs-küyündən, daha sonra isə məişət səs-küyündən gedir.
Onun sözlərinə görə, məsələn, istehsalat müəssisələrinin, tikintilərin, şadlıq evlərinin yaratdığı səs-küyün yol verilən maksimum gücünü müəyyən edən normativlər, həmçinin səs udma vasitələrinə dair tələblər mövcuddur.
"Biz tez-tez tikintilərdə gecə işləri, şadlıq evlərindən gələn gurultulu musiqi kimi hallarla üzləşirik, nəqliyyatın yaratdığı səs-küy və vibrasiyanı demirəm. Bütün bunlar çoxdan ciddi problemə çevrilib və insanların sağlamlığına mənfi təsir göstərir. Buna görə də normativlərə əməl olunmalıdır və prezidentin sərəncamı bu normativlərə yenidən baxılmasına yönəlib", - deyə H.Rəcəbli bildirib.
Xüsusilə, çoxlarının həddindən artıq yüksək musiqi səbəbindən şikayət etdiyi şadlıq evlərinə gəlincə, komissiya sədri hesab edir ki, onları istismara qəbul etməzdən əvvəl mütəxəssislər onların akustikasını və səs udma qabiliyyətini yoxlamalı və bunun əsasında onlara müvafiq lisenziya verməlidirlər. Onun sözlərinə görə, bununla Mədəniyyət və Turizm Nazirliyi məşğul ola bilərdi.

www.ans.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.