Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 11.03.2009

Azərbaycanın transsərhəd çaylarının Gürcüstan və Ermənistan tərəfdən çirklənmə səviyyəsi normanı aşır

8 577
S sazan · 11 mart 2009 əlavə edildi
Azərbaycanın transsərhəd çaylarının Gürcüstan və Ermənistan tərəfdən çirklənmə səviyyəsi normanı aşır

Kür çayının Gürcüstan və Ermənistan ərazisində transsərhəd çirklənməyə məruz qaldığı məntəqələrdə suyun tərkibində spesifik çirkləndiricilər olan fenol və mis birləşmələrinin qarışığının yol verilən normadan xeyli artıq olması müşahidə olunur. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi Milli Departamentinin fevralın üçüncü ongünlüyündə Kür və Arazın çirklənmə səviyyəsinin öyrənilməsi məqsədilə keçirdiyi növbəti monitorinqin nəticələri təsdiqləyir.

Keçirilmiş monitorinqin nəticələrinə görə, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri yol verilən qarışıq normasını iki dəfə, Ağstafaçay məntəqəsində fenollar yol verilən qarışıq normasını üç dəfə, mis birləşmələri isə iki dəfə aşır.

Ermənistan və Gürcüstan ərazisindən məişət, heyvandarlıq və sənaye müəssisələrinin tullantılarının ilkin filtrasiya olmadan axıdılması səbəbindən Kür və Arazda biogen maddələrin normasının cüzi artıqlığı müşahidə olunub.

Keçirilmiş monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd Araz çayında mis və fenolların yol verilən normadan xeyli artıq olması müşahidə olunur. Suyun əsas çirkləndiriciləri olan fenollar Araz çayının məntəqələrində yol verilən qarışıq normasını aşıb: Horadizdə - üç dəfə, I Şahsevəndə - iki dəfə, Bəhramtəpə məntəqəsində isə norma daxilindədir. Mis çirklənmələri Horadizdə yol verilən qarışıq normasını dörd dəfə, Bəhramtəpədə və I Şahsevəndə üç dəfə aşıb.Transsərhəd su hövzələrinin problemlərinin beynəlxalq normalar çərçivəsində regional səviyyədə həlli üçün Azərbaycan "Sərhədkeçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Helsinki Konvensiyasını ratifikasiya edib. Problemi Ermənistan və Gürcüstanın bu konvensiyaya qoşulmaması daha da ağırlaşdırır.

www.trend.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.