Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 31.07.2008

Azərbaycanın palçıq vulkanlarının xəritəsi tərtib edilib

7 326
S sazan · 31 iyul 2008 əlavə edildi
Azərbaycanın palçıq vulkanlarının xəritəsi tərtib edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, ölkəmizin palçıq vulkanlarının xəritəsi hazırlanıb.
Təsdiq üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən xəritə əhaliyə torpaq sahələrinin ayrılması zamanı istifadə olunmaq üçün yerli icra hakimiyyəti orqanlarına paylanacaq. Bələdiyyə orqanları və yerli icra hakimiyyəti orqanları bu xəritənin köməyi ilə həmin ərazinin yaxınlığında palçıq vulkanının olub-olmadığını müəyyən edəcəklər. Bu, sonradan yarana biləcək problemlərin qarşısını almaqla yanaşı, əhalinin təhlükəsizliyini də təmin edəcək.
Xəritədə mühüm əhəmiyyət kəsb edən 52 vulkan qeyd olunub. Yeri gəlmişkən, dünyada mövcud olan 800 palçıq vulkanından 350-dən çoxu Azərbaycan ərazisindədir. Dövlət başçısının müvafiq qərarına əsasən, Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun mütəxəssisləri qoruq statusu almış bu ərazilərdə tədqiqatlar aparacaqlar. Tədqiqatlardan sonra palçıq vulkanlarından istifadə qaydaları müəyyən ediləcək. Hələ ötən əsrin 80-ci illərində palçıq vulkanları artrit, radikulit, hepatit, bir çox dəri xəstəlikləri və sinir sistemi xəstəliklərinin müalicəsində tətbiq olunurdu. Azərbaycana turist axınının artması bu sahənin inkişafına kömək edəcək, yaxın gələcəkdə bu sahə ölkə büdcəsi üçün sanballı gəlir mənbəyinə çevrilə bilər.

azecology.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.