Azərbaycanın içməli su təhlükəsizliyinin təmin edilməsi strategiyası həyata keçirilir
8 640
Əhaliyə verilən içməli suyun keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan hökuməti xüsusi strategiyanın həyata keçirilməsinə başlayıb.
«Həyata keçirilən strategiyaya əsasən, Azərbaycan Ermənistan və Gürcüstan ərazisində çirkləndirilən transsərhəd Kür çayını tam təmizləyə və öz su təhlükəsizliyini təmin edə biləcək» - deyə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
İldə orta hesabla Ermənistan ərazisindən Kür çayının hövzəsinə 350 mln. m3, Gürcüstan ərazisindən isə 330 mln. m3 çirkli su axır. Bunun nəticəsində çayın ağır metallar, fenollar, neft məhsulları və digər zərərli maddələrlə həddindən artıq çirklənməsi müşahidə olunur. Azərbaycan əhalisinin təxminən 70%-i Kür suyundan içməli su kimi istifadə edir.
Nazirin sözlərinə görə, Gürcüstan və Ermənistan sərhədində fəaliyyət göstərən iki laboratoriya hər on gündən bir Kürün suyunun tərkibinə dair bülleten hazırlayır. Bundan əlavə, prezidentin «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması və bəzi müvafiq tədbirlər haqqında» sərəncamına əsasən, proqramın icrasına başlanılıb.
«Kür və Araz çaylarının suyundan istifadə edən 50 yaşayış məntəqəsində beynəlxalq tələblərə cavab verən sutəmizləyici qurğular quraşdırılıb» - deyə nazir bildirib.
Bağırovun sözlərinə görə, ilin sonunadək daha 112 min nəfəri əhatə edən 50 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması başa çatacaq.
«Yeni təmizləyici qurğuların quraşdırılması üzrə tender prosesi yekunlaşmaq üzrədir. Amerika, Kanada, İsrail, Türkiyə, Yaponiya şirkətləri tenderə böyük maraq göstərir. Daha 470 min nəfəri əhatə edən proqram yaxın 2 il ərzində başa çatdıqdan sonra gələcəkdə 700 min nəfərin istifadə edəcəyi su Kür suyundan qat-qat keyfiyyətli olacaq» - deyə ekologiya naziri əlavə edib.
Mənbə: news.trend.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.