Azərbaycanda su sərfinin ölçülməsində yeni texnologiyalardan istifadəyə başlanılıb
9 123
Azərbaycanda ilk dəfə su sərfinin ölçülməsi üçün yeni texnologiyalardan istifadə olunmağa başlanılıb. Bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi vəzifəsini icra edən İradə İbrahimova məlumat verib.
«Azərbaycanda Hidrometeorologiyanın İnkişafı Proqramı»na (2004-2010) uyğun olaraq hidrometeoroloji işlərin təkmilləşdirilməsi davam edir.
Azərbaycanda ilk dəfə Amerikanın “SonTec” şirkəti tərəfindən istehsal olunan ADP (Acoustic Doppler Profiler) cihazının köməyi ilə ultrasəs üsulu ilə Kür çayında təxmini su sərfi ölçülüb.
Ultrasəs üsulu ilə su sərfi ölçülərkən axın sürəti bütün en boyu hər iki-üç metrdən bir, şaquli üzrə isə hər 40 santimetrdən bir ölçülür, eyni zamanda dərinlik müəyyən edilir, çayın paralel kəsiyinin profili ayrılır. Cihaz motorlu qayıqda yerləşdirilmiş kompüterlə idarə olunur, bütün məlumatlar operativ qaydada ekranda əks olunur və arxiv fayllarına yazılır ki, bu da sonradan bu işi kompüterdə simulyasiya etməyə imkan verir.
İbrahimovanın sözlərinə görə, hidrologiyada su sərfinin ölçülməsi üçün ənənəvi olaraq mexaniki fırlanğıcdan istifadə olunurdu ki, bu da Kür kimi çaylarda su sərfinin ölçülməsində çox böyük vaxt və əmək sərfi tələb edirdi və kifayət qədər dəqiqlik əldə olunmurdu. Daşqınlar dövründə isə su sərfinin ölçülməsi daha da çətinləşirdi, ağac budaqları suda tez-tez fırlanğıcı sındırırdı, eyni zamanda işçilərin özləri üçün də təhlükə yaranırdı.
Ultrasəs üsulu ilə su sərfinin ölçülməsi tez, asan və dəqiq həyata keçirilir. Milli Hidrometeorologiya Mərkəzində belə iki cihaz var ki, onlar Kür, Araz və Qanıx çaylarında su sərfini daha dəqiq, tez, təhlükəsiz və asan ölçməyə imkan verir. Cihazdan həmçinin dənizlərin axınlarını öyrənmək üçün sahilyanı sularda (25 metrə qədər) da istifadə etmək olar.
Mənbə: news.trend.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.