Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 26.04.2008

Azərbaycanda siqaret çəkməyə qarşı mübarizə gücləndiriləcək

7 839
S sazan · 26 aprel 2008 əlavə edildi
Azərbaycanda siqaret çəkməyə qarşı mübarizə gücləndiriləcək

Çox güman ki, artıq Milli Məclisin payız sessiyasında ictimai yerlərdə siqaret çəkməyə, həmçinin yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışına görə cəzanın sərtləşdirilməsi ilə bağlı müvafiq məcəllələrə dəyişikliklər müzakirə olunacaq. Hazırda bu dəyişikliklər MM-in sosial siyasət komissiyası tərəfindən hazırlanır. Bu barədə 1news.az-a komissiya sədrinin müavini, deputat Musa Quliyev bildirib.

«Bu gün Azərbaycanda kişilərin 70%-ə qədəri siqaret çəkir. Bakıda son bir ildə siqaret çəkən qadınların sayı 2,5 dəfə artıb. Bununla mübarizə aparmaq lazımdır. Bütün dünyada siqaret çəkməyə qarşı mübarizə aparılır, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu bəla ilə mübarizəyə dair müvafiq qanunlar qəbul olunur.

Azərbaycanda isə belə qanunlar yoxdur, əgər 2002-ci ildə qəbul edilmiş «Tütün və tütün məmulatları haqqında» qanunu nəzərə almasaq. Həmin qanun Azərbaycan Respublikasında tütün və tütün məmulatlarının istehsalı, idxalı, ixracı, istehlakı, onların ticarəti ilə bağlı münasibətləri tənzimləyir və onların keyfiyyətinin idarə olunmasının hüquqi əsaslarını müəyyən edir. Lakin o, ictimai yerlərdə siqaret çəkənlərə qarşı cərimələrin tətbiqi mexanizmini tənzimləmir. Orada göstərilir ki, ictimai yerlərdə siqaret çəkmək qadağandır, amma «ictimai yerlər» anlayışı altında nəyin başa düşüldüyü qeyd olunmayıb. Cərimənin məbləği də göstərilməyib», - deyə M. Quliyev bildirib.

Onun sözlərinə görə, sosial siyasət komissiyası müvafiq məcəllələrə və «Tütün və tütün məmulatları haqqında» qanuna dəyişikliklər edilməsini təklif edir. Məsələn, ictimai yerlərdə siqaret çəkməyə görə 50 manatdan 100 manatadək, yetkinlik yaşına çatmayanlara siqaret satışına, həmçinin məktəbəqədər, ümumtəhsil və tibb müəssisələrinin yaxınlığında tütün məmulatlarının satışına görə isə 100 manatadək cərimə sanksiyaları tətbiq edilsin.

«Lakin hazırda cərimə sanksiyalarını kimin tətbiq edəcəyi üzərində işləyirik. Cərimə sanksiyası tətbiq olunan zaman qayda pozanın yanında lazımi məbləğin olmaya biləcəyi faktını da nəzərə almaq lazımdır. Belə halda nə etməli? Düşünürəm ki, Milli Məclisin payız sessiyasının başlanğıcına qədər bu məsələlər işlənib hazırlanacaq. Lakin hesab edirəm ki, yalnız cərimələrlə kifayətlənmək olmaz. Siqaret çəkənlər arasında maarifləndirmə işi də aparmaq lazımdır», - deyə deputat qeyd edib.

1news.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.