Azərbaycanda quş qripinin qarşısının alınması üzrə növbəti monitorinqin tarixi müəyyənləşdirilib
7 899
Azərbaycanda «quş qripinin» qarşısının alınması üzrə dördüncü monitorinqə mayın 12-də başlanılacaq, bunu cümə günü Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi bildirib.
«Monitorinq bir həftə davam edəcək, laboratoriya tədqiqatları da bir o qədər sürəcək. Nəticələr mayın 23-də elan olunacaq», - deyə o bildirib.
Monitorinq əvvəlkilər kimi Abşeronu və yaxın əraziləri, Dəvəçi, Salyan, Ağcabədi, Lənkəran rayonlarını, Xəzərin sahil zolağını əhatə edəcək. O, dövlət baytarlıq xidmətinin, ekologiya və təbii sərvətlər, səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən keçiriləcək.
Əvvəlki üç monitorinq ölkə ərazisində xəstəlik virusunun olmadığını göstərib.
Keçən il dövlət xidməti 12 monitorinq keçirib, vəhşi və ev quşlarından 8 mindən çox nümunə tədqiq edilib. Onların heç birində virus daşıyıcıları aşkar edilməyib.
Buna baxmayaraq, Azərbaycanda 2005-ci ilin payızında tətbiq edilmiş vəhşi quşların ovu, istifadəsi və satışına qadağa qüvvədə qalır. «Quş qripinin» ölkə ərazisində yayılmasının qarşısını almaq üçün ölkənin bütün sərhəd-buraxılış baytarlıq məntəqələri gücləndirilmiş rejimdə işləyir.
Dövlət xidməti ev quşlarının, bir qayda olaraq, əksər hallarda xəstəliyin daşıyıcısı olan vəhşi quşlarla təmasının qarşısını almaq üçün onları qapalı yerlərdə saxlamağı tövsiyə edir.
Mənbə: http://news.trend.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.