Azərbaycanda çimmək qadağan olunan çimərliklərin siyahısı açıqlanıb
8 889
RGEM-dən bildiriblər ki, Mərdəkan-Şüvəlan sanitar mühafizə zolağında yerləşən çirkab sularının təmizlənməsi stansiyasının təmiri başa çatıb. Hazırda dənizə axıdılan çirkab sularının tam mexaniki və bioloji təmizlənməsi və zərərsizləşdirilməsi təmin olunub. Mərdəkan-Şüvəlan, Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran və Türkan çimərliklərindən götürülmüş dəniz suyunun laboratoriya tədqiqatlarının nəticələrinə görə, onun keyfiyyət göstəriciləri norma səviyyəsindədir.
Hövsan çimərliyinin sanitar mühafizə zolağında dəniz suyunun çirklənməsinə çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş «Hövsan» kanalı ilə dənizə sutkada 150-200 min kubmetr sənaye, təsərrüfat və məişət mənşəli çirkab sularının axıdılması səbəb olub. Bundan başqa, Hövsan aerasiya stansiyasının çirkab suları birbaşa dənizə axıdılır.
Tədqiqatlar zamanı məlum olub ki, Şıx, Sahil, Novxanı və Hövsan çimərliklərində dəniz suyunun bakterioloji çirklənmə göstəriciləri də normadan yüksəkdir. Yaranmış vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığını, həmçinin yoluxucu xəstəliklərin yaranması və yayılması ehtimalını nəzərə alaraq, «Sanitariya-epidemioloji salamatlıq haqqında» qanun əsasında Şıx, Novxanı, Hövsan, Qaradağ rayonunun Sahil çimərliklərindən, həmçinin qeyri-qanuni çimərliklərdən istifadəyə qadağa qoyulub.
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.