Məzmuna keç
nature.az
XƏBƏRLƏR · 26.04.2008

Azərbaycan özünü təmin etmək üçün kifayət qədər təbii su ehtiyatlarına malikdir – nazir

7 930
S sazan · 26 aprel 2008 əlavə edildi
Azərbaycan özünü təmin etmək üçün kifayət qədər təbii su ehtiyatlarına malikdir – nazir

Azərbaycan özünü təmin etmək üçün kifayət qədər təbii su ehtiyatlarına malikdir. Bunu cümə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
Azərbaycanda su ehtiyatlarının həcmi 32 mlrd. kubmetrdir. Onlardan 27–28 mlrd. kubmetri ölkə hüdudlarından kənarda formalaşaraq Azərbaycan ərazisinə çirklənmiş halda daxil olur. Azərbaycanın illik su ehtiyatlarının 8,67 mlrd. kubmetri yeraltı hövzələrdə cəmlənib. Yeraltı sular ümumi su ehtiyatının 23 faizini təşkil edir.
Bağırovun sözlərinə görə, Azərbaycan öz ekoloji sənayesini yaratmalı, mövcud su ehtiyatlarından ehtiyatla istifadə etməli və onları çirkləndirməməlidir.
«Azərbaycanda daha çox təmizləyici qurğu quraşdırmaq lazımdır ki, gələcəkdə istənilən miqdarda suyu təkrar istifadə üçün təmizləmək və beləliklə, su təhlükəsizliyimizi təmin etmək mümkün olsun», - deyə nazir bildirib.
Azərbaycan Cənubi Qafqazda su ilə ən az təmin olunmuş dövlət hesab olunur. Belə ki, hər bir nəfərə Gürcüstandakından 2,2 dəfə, Ermənistandakından isə 1,7 dəfə az su düşür. Bundan başqa, respublikanın çay su ehtiyatlarının təxminən 70 faizi tranzit çaylar hesabına formalaşır.

Mənbə: news.trend.az

Şərhlər (0)

Hələ şərh yoxdur

Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.