Azərbaycan işğal olunmuş ərazilərdə ekoloji terrorun qarşısını almaq üçün tədbirlər görməyə hazırlaşır
8 170
Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətin bütün aspektləri, o cümlədən ekoloji vəziyyət təhlil ediləcək və müvafiq tədbirlər görüləcək, deyə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Azərbaycan Ekologiya Nazirliyinin məlumatına görə, zəbt olunmuş ərazilərdəki yanğınlar nəticəsində 2006-cı ildə Azərbaycana 159 mln. manat, 2007-ci ildə isə 15 mln. manat həcmində ziyan dəyib.
2006-cı ildə tərkibinə Ümumdünya Seçkiləri Monitorinq Mərkəzi, BMT-nin Ətraf Mühit Proqramı, Avropa Komissiyasının, Avropa İttifaqının, Avropa Şurasının ekspertləri daxil olan ATƏT missiyası yanğınlar nəticəsində regiona vurulmuş ekoloji zərəri qiymətləndirmək məqsədilə monitorinq keçirib. Monitorinqin nəticələri əsasında ətraf mühit sahəsində tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr hazırlanıb. Münaqişənin davam etməsi səbəbindən tövsiyələr həyata keçirilə bilmir.
Nazir müavininin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət gərgin olaraq qalır, bu ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması taktikası və iqtisadi istismar davam edir. «Bu məsələ BMT Baş Assambleyasının qəbul etdiyi Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında Qətnamə çərçivəsində nəzarətdə saxlanılacaq», - deyə nazir müavini bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1994-cü ilin may ayında tərəflər atəşkəs rejiminə nail olublar və indiyədək ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.
Mənbə: news.trend.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.