Azərbaycan Ekologiya Nazirliyi: «Ermənilər Şuşa şəhərində və onun ətrafında təbii sərvətləri məhv ediblər»
9 664
Ermənilər Azərbaycanın Şuşa şəhərini işğal etdikdən sonra burada Qarabağ meşələrinin çoxillik ağacları yanacaq kimi istifadə olunub.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 16-cı ildönümünə həsr olunmuş məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, şəhər ərazisinin 20%-ni meşələr təşkil edirdi. Şəhər ətrafındakı meşələr və dərələr müalicəvi mineral bulaqlar, dərman bitkiləri ilə zəngindir. Qeyd olunur ki, ən böyük mineral bulaqlar Turşsu və Şırlandır.
«1988-ci ildə Şuşa və Əsgəran ərazisində təbii kompleksləri qorumaq məqsədilə 450 hektar ərazisi olan «Daşaltı» Dövlət Təbiət Yasaqlığı yaradılıb. 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra yasaqlıq tamamilə məhv edilib», - deyə Ekologiya Nazirliyinin məlumatında bildirilir.
Bundan əlavə, ermənilər tərəfindən 1500-2000 palıd ağacı məhv edilib.
Ekologiya Nazirliyi yanında Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitin və təbii sərvətlərin məhv edilməsinin miqyasını müəyyən edən Operativ mərkəz son vaxtlar aparılmış videoçəkilişlər əsasında təbii sərvətlərin məhv edilməsinə dair çoxsaylı faktlar qeydə alıb.
Xüsusilə, Şuşa şəhərinin yuxarı hissəsində, «Dörd yol» adlanan ərazidə, Laçın küçəsinin sol tərəfində, H.Əsgərov küçəsində müxtəlif diametrli təxminən 200 ağac kəsilib, bu ünvandan bir qədər yuxarıda yetişdirilmiş ağaclar isə tamamilə məhv edilib.
Zarıslı kəndində kənd məktəbinin həyətində əkilmiş dekorativ və meyvə ağacları da daxil olmaqla bütün ağaclar məhv edilib.
Topxana meşəsi qoruğu zonasında ən yüksək nöqtədə ağaclar məhv edilib və orada tikililər ucaldılıb.
day.az
Şərhlər (0)
Şərh yazmaq qeydiyyatdan keçmiş üzvlər üçün qeydiyyat açıldıqdan sonra mümkün olacaq.